CƏMİYYƏT
“SƏS” qəzeti kənar müəllifləri mükafatlandırıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də “SƏS” qəzetinin nəşrə başlamasının 26-cı ildönümü münasibətilə redaksiya heyətinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib ki, müstəqil Azərbaycanın mətbuat tarixində ilk qaranquşlardan biri “SƏS” qəzetidir. “Bu qəzet fəaliyyətə başlayanda tribunaya, düz sözə ehtiyac var idi. Dövlətimiz, millətimiz üçün ağır bir zamanda “SƏS” qəzeti fəaliyyətə başlayaraq cəmiyyətin güzgüsünə çevrildi. Həmin dövrdə ulu öndər Heydər Əliyevin fikirlərini, ideyalarını xalqa çatdırmaq lazım idi. “SƏS” qəzeti məhz bu işin öhdəsindən məharətlə gəlirdi. Bu baxımdan “SƏS” qəzeti böyük tarixi yol keçib. Bu gün də bu qəzet dövlətçiliyimizə yorulmadan xidmət edir və milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verib. Biz həm də kənar müəlliflərə şərait yaradırıq ki, elmi, publisistik, ictimai-siyasi, fəlsəfi əsərlərini, məqalələrini qəzetimizdə dərc etdirsinlər”, - deyə B.Quliyev əlavə edib.
Yığıncaqda, həmçinin kənar müəlliflərin 2016-cı ildə “SƏS” qəzetində dərc edilmiş ən yaxşı bədii-publisistik əsərlərinin də mükafatlandırılması qərara alınıb.
Ekspertlərin rəyinə əsasən, birinci yerə şair Ramiq Muxtarın “Mənim oyaq yuxularım”, ikinci yerə tarix elmləri namizədi Firudin Cümşüdlünün “Ulu öndər Heydər Əliyevin müdrik siyasəti daim Azərbaycanın milli mənafelərinə xidmət etmişdir”, üçüncü yerə isə fəlsəfə üzrə fəlsəfə doktoru Sona Həmidovanın “İrəvanda xal qalmadı” bədii-publisistik əsərləri layiq görülüb.