İQTİSADİYYAT
“САТЕF 2013” ölkəmizin beynəlxalq su texnologiyaları sənayesində mövqeyini möhkəmləndirdiyini deməyə əsas verir
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 11-13-də “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə Bakı Ekspo Mərkəzində birinci Xəzər Beynəlxalq su texnologiyaları (“САТЕF-2013”) sərgisi keçirilmişdir. Xəzər regionunda yeganə ixtisaslaşmış tədbirin işinə yekun vurarkən, sərginin uğurlu debütünü və yüksək səmərəsini xüsusilə qeyd etmək lazımdır.
Su texnologiyaları sahəsinin müasir yeniliklərini və nailiyyətlərini beynəlxalq səviyyədə nümayiş etdirən “САТЕF-2013” sərgisi işgüzar əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadı və bütövlükdə bu sahənin inkişafına əhəmiyyətli təkan verdi.
Sərgini Prezident İlham Əliyevin ziyarət etməsi bu tədbirin əhəmiyyətini və aktuallığını şərtləndirdi. Dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, “САТЕF-2013” sərgisi Azərbaycanda həyata keçirilən və planlaşdırılan irimiqyaslı layihələri, ölkədə ən yeni avadanlıq və texnologiyaların tətbiq və istifadə edilməsinin geniş perspektivlərini, habelə sərmayədarların regiona daim artan marağını əks etdirir. Belə ki, 23 ölkədən 79 şirkət sərgidə öz məhsul və xidmətlərini təqdim etdi. Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olaraq ABŞ-ın “Dow”, Almaniyanın “Herrenknecht”, İsveçin “Nordic Water Products AB”, Rusiyanın “Ecoline”, “Ekoton” və digər şirkətlərin stendlərini ziyarət etdi.
Sərgidə Türkiyə, ABŞ, Koreya Respublikası, Almaniya, İsveçrə, Yaponiya, Avstriya, Fransa, İsveçdən və digər ölkələrdən olan sahə peşəkarları su infrastrukturu sahəsində öz məhsul və xidmətlərini təqdim etdilər.
Qeyd etmək lazımdır ki, “CATEF-2013” sərgisinin əsas tərəfdaşı “Iteca Caspian” MMC-dir. Sərgi yerli şirkətlərin geniş imkanlarını əyani surətdə nümayiş etdirdi. Burada nümayiş olunan Sumqayıt Texnoloji Parkının Cənubi Qafqazda və Mərkəzi Asiyada analoqu yoxdur. Bu müəssisədə müxtəlif profilli zavodlar fəaliyyət göstərir. “Azərsu” ASC-nin pavilyonunda isə Bakı, Abşeron yarımadası və regionlarda həyata keçirilən layihələrdən ibarət ekspozisiya təqdim edilmişdir. SCADA - məlumatları idarə və qəbuletmə sistemi vasitəsilə Oğuz-Qəbələ-Bakı boru xəttinin işinə “onlayn” rejimində nəzarət həyata keçirilir.
Bir çox iştirakçı şirkətin nümayəndələri investorların Azərbaycana marağını və iqtisadiyyatın bu sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zəruriliyini və vaxt baxımından münasibliyini vurğulayan bu tədbirin yekunlarını yüksək qiymətləndirdilər. Hazırda ölkənin 38 şəhər və rayon mərkəzində, habelə 350-dən çox kəndində su-kanalizasiya layihələri həyata keçirilir. 2035-ci ilə qədər perspektiv inkişafı nəzərdə tutan əsas plan və yeraltı infrastrukturun elektron xəritəsinin işlənib hazırlanmasına həsr olunan “Azərsu-GİS” layihəsi, Ceyranbatan ultrafiltrasiyalı su təmizləmə qurğusunun və Hövsan aerasiya stansiyasının maketləri, içməli suyun təmizlənməsi üzrə gündə 520 min kubmetr hasilat həcminə malik olan dünyada ən böyük ultrafiltrasiya qurğusunun Bakıda inşa edilməsinin təfərrüatları, istənilən torpaq növündə bütün diametrli tunellərin qazılması üzrə ən müasir texnika, habelə içməli, yağış və tullantı sularının təmizlənməsi üzrə çoxsaylı müasir texnologiyalar mütəxəssislərin böyük marağına səbəb oldu.
Təşkilatçıların nailiyyətlərindən biri kimi, sərginin yeni texnologiyaların nümayiş etdirilməsi, xarici sərmayələrin cəlb olunması və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından yüksək məhsuldarlığını vurğulamaq lazımdır. Ekspozisiyaların mövzu rəngarəngliyi təkcə ziyarətçiləri deyil, həm də öz qonşularının stendlərində təqdim olunan məhsulları, xidmətləri və yeni layihələri diqqətlə öyrənən çoxsaylı iştirakçıları sevindirdi. Bakı Ekspo Mərkəzinin pavilyonlarında nadir su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi texnologiyaları, nasos sistemləri, inşaat texnikası və avadanlığı, qazma qurğuları, geotermik texnologiyalar və bir sıra digər məhsullar nümayiş etdirilirdi. Türkiyənin “Elektromed” şirkəti suyun, qazın və istiliyin miqdarının ölçülməsi sahəsində cihazların geniş çeşidini, Fransanın “SUEZ Environnement” şirkəti içməli su ehtiyatları üzərində sanitariya nəzarəti və tullantıların idarə olunması sahəsində öz qabaqcıl təcrübəsini, “Akkord Azərbaycan” şirkəti məişət-kommunal inşaatdan tutmuş iri yaşayış komplekslərinin tikintisinə qədər öz layihələrinin ən geniş növlərini nümayiş etdirdi. Sərgi həmfikir insanların, şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələri fəal surətdə həyata keçirən və ümumi ekologiya və “yaşıl planet”in yaradılması uğrunda mübarizəyə öz töhfəsini verməyə can atan sahibkarların görüş yerinə çevrildi.
İşgüzar proqramın əsas hissələrindən biri isə Xəzər Beynəlxalq su texnologiyaları forumunun debütü idi. Sərgi və forumun eyni vaxtda keçirilməsi sayəsində qabaqcıl texnologiyaların nümayişini su sənayesinin aktual məsələlərinin müzakirəsi ilə uğurlu şəkildə uzlaşdırmaq mümkün oldu. “САТЕF-2013” sərgi-forumu bu sahədə mühüm hadisəyə çevrildi, su təchizatı sahəsində mütəxəssislər arasında beynəlxalq əməkdaşlığın inkişafına kömək etdi və işgüzar təmasların qurulmasına, təcrübə mübadiləsinə, eləcə də məşhur alimlərin, ekologiya və təbii sərvətlər, meşə və su təsərrüfatı nazirlərinin, o cümlədən milli ekspertlərin, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqlarının ilk dəfə keçirilən beynəlxalq forumda iştirak etmələrinə şərait yaratdı.
Beləliklə, əldə olunan uğurlu nəticələr ölkəmizin beynəlxalq su texnologiyaları sənayesində mövqeyini möhkəmləndirdiyini deməyə əsas verir. Növbəti sərgi-forum isə bu sahədəki nailiyyətlərin nümayişi baxımından daha bir əlavə fürsət olacaqdır.