DÜNYA
SƏUDİYYƏ ƏRƏBİSTANINDA ƏCNƏBİLƏRLƏ NİKAHA SƏRT MƏHDUDİYYƏT QOYULMUŞDUR
DUBAY. Səudiyyə Ərəbistanı hökuməti əcnəbilərlə nikaha sərt məhdudiyyət qoymuşdur. İndən belə nazirlər, hakimlər, dövlət başçısı dəftərxanasının qulluqçuları, diplomatlar və Xarici İşlər Nazirliyinin əməkdaşları məlikin xüsusi icazəsi olmadan əcnəbi qadınlara evlənə bilməzlər.
Yeni qaydalar müdafiə və aviasiya nazirliyinin, Milli qvardiyanın, dövlət təhlükəsizliyi və gömrük xidməti qulluqçularına, habelə xaricdə təhsil alan tələbələrə də aiddir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, bu qadağanı pozanlar tənbeh olunacaq, hətta vəzifələrindən çıxarılacaqlar. Bəzi hallarda isə onlar məhkəmə məsuliyyətinə cəlb edilə bilərlər.
Səudiyyə Ərəbistanının əcnəbilərlə evlənmək və ya onlara ərə getmək istəyən adi vətəndaşları isə bunun üçün XİN-dən icazə almalıdırlar. Bunsuz nikah ancaq Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin, yəni Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Bəhreyn və Oman vətəndaşları ilə bağlana bilər.