CƏMİYYƏT
“SAY: multikulturalizm” layihəsi yekunlaşıb
Bakı, 2 avqust, AZƏRTAC
“İrəli” İctimai Birliyi birinci Avropa Oyunlarından əvvəl hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn “SAY” (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “SAY: multikulturalizm” layihəsi çərçivəsində keçirilən düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq, multikultural dəyərlərin təbliği ilə bağlı təlimlərdə, ictimai müzakirələrdə iştirak edib, həmçinin təşkil olunan idman yarışlarında özlərini sınayıblar.
“SAY multikulturalizm” layihəsinin ilk günündə gənclərə “Komanda işi və stereotiplərdən necə azad olmalı” mövzusunda təlim keçirilib. İştirakçılar dağa dırmanma ekstremal idman növündə özlərini sınayıb, “İntellektual Multikulturallar” oyununda iştirak ediblər. Növbəti gün gənclər “Multikulturalizm və dinləri necə yaşayaq” təliminə qatılıblar. Həmçinin Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edərək “Atlet və qaçış”, “Xəritə və kompas” mövzularında praktiki biliklərə yiyələniblər.
Sonra gənclərə “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri və Azərbaycan çoxmillətli dövlət kimi” mövzusunda təlim keçirilib. Eyni zamanda, iştirakçılar səmti müəyyən etmə oyununda yarışıb. Onlar İvanovka kəndinə ekskursiya zamanı mədəni-əyləncəli proqramda, “Multikulturalizm modeli” simulyasiya oyununda iştirak edərək bilik və bacarıqlarını artırıblar.
Layihənin əsas məqsədi “Multikulturalizm ili” çərçivəsində Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirməkdir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaq, milli mənəvi dəyərlərimizin, abidələrimizin mənfur düşmənlərimiz tərəfindən öz adına çıxarmağın qarşısını almaqdır.
Layihə çərçivəsində iyulun 25-dən 30-dək İsmayıllı rayonunda təşkil olunan düşərgə zamanı film gecəsi, iməcilik, intellektual oyunlar, ictimai müzakirə və müxtəlif əyləncələr keçirilib. Düşərgədə qaldıqları müddətdə 14 regiondan 100 nəfərdən çox gənc 8 komandaya bölünərək qalibiyyət uğrunda mübarizə aparıb və müxtəlif göstəricilər üzrə qiymətləndirilib.
Sonda qalib komandalar mükafatlandırılıb.