CƏMİYYƏT
ŞHK Azərbaycan liqasının ikinci mövsümü başlanıb VİDEO
Bakı, 1 aprel, AZƏRTAC, Raisa Abbasova
Aprelin 1-də - Beynəlxalq Gülüş Günü Heydər Əliyev Sarayında ŞHK Azərbaycan liqasının ikinci mövsümü başlanıb.
AZƏRTAC xəbər verir ki, gecənin aparıcısı oğul Aleksandr Maslyakov olub. Populyar “Qədim Tbilisi” komandası (Gürcüstan) gecənin xüsusi qonağı qismində çıxış edib. Azərbaycanın ən tanınmış komandası, premyer-liqanın iştirakçısı olan “Bakı yığması” müsabiqədənkənar çıxışı ilə tamaşaçılara sevinc bəxş edib.
Gecə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə keçirilib.
Qələbə və ŞHK Azərbaycan liqasının əsas kuboku uğrunda həm yerli, həm də xarici komandalar mübarizə aparıb: “Çak Norris” (Azərbaycan), “Kuraj” (Azərbaycan), “Miraj” (Azərbaycan), “BDU” (Azərbaycan), “Yumor kapitalı” (Azərbaycan), “Baksovet” (İdarəçilik Akademiyası, (Azərbaycan), “Olimpiya yığması” (Bakı), “Wall Street” (ADİU), Yessentuki şəhərinin yığma komandası (Rusiya), “TexNAR-Politex” (Qazaxıstan), “Biznes Universitetinin yığma komandası” (Qazaxıstan), “Kapital” (Qazaxıstan), “Maşa + Saşa” (Rusiya), “Tbilisi yığması” (Gürcüstan) və s.
Münsiflər heyətinə “Bakılı oğlanlar” komandasının nümayəndələri Murad Dadaşov və İlqar Nəbiyev, bəstəkar İsa Məlikov, Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova, ŞHK ali liqasının redaktoru Dmitri Kolçin, ŞHK Azərbaycan liqasının rəhbəri Rəşad Əzizov daxil idilər.
Qazaxıstanın “Biznes Universitetinin yığma komandası” liqanın qalibi olub.