SİYASƏT
SİLAHLI QÜVVƏLƏRİMİZİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində sentyabrın 21-dən 23-dək Vilnüs (Litva) şəhərində “Cənubi Qafqaz: sabitliyin yaradılması və NATO ilə əməkdaşlıq çərçivəsində xarici yardımlardan istifadə” mövzusunda konfrans, sentyabrın 22-dən 26-dək Bonn (AFR) şəhərində “Bioloji risklər” mövzusunda seminar, Oberammerqau (AFR) şəhərində “NATO Qərargah zabitləri kursu”, sentyabrın 22-dən oktyabrın 2-dək Brüssel (Belçika Krallığı) şəhərində “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərəfdaşlığın əlaqələndirilməsi Qrupu ilə Tanışlıq Proqramı”, sentyabrın 22-dən oktyabrın 3-dək Cenevrə (İsveçrə) şəhərində “Sülhü dəstəkləmə əməliyyatlarında minalardan təmizləmə tədbirləri zamanı informasiya sisteminin tətbiqi”, sentyabrın 22-dən oktyabrın 10-dək Herisau (İsveçrə) şəhərində “Çavuş heyəti üçün manqa komandirlərinin təkmilləşdirilməsi” üzrə kurslar keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.