MƏDƏNİYYƏT
ŞİRVANŞAHLAR ŞARAYI DİVANXANASININ ABİDƏSİNİN BƏRPASI BAŞA ÇATMIŞDIR
Mərasimdə bildirildi ki, 1999-cu il mayın 31-də Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış kredit sazişinə əsasən Divanxananın bərpası layihəsinin hazırlanması və ilkin tədqiqatlar üzrə keçirilmiş müsabiqədə İtaliyanın “İl Cenacolo” şirkəti qalib gəlmişdi.
Bu şirkət Divanxananın statik və ümumtexniki müayinəsini aparmış, abidənin texniki vəziyyətini öyrənmək üçün divarlardan, günbəzdən nümunələr götürmüş, divarların daxili nəmliyi, bəzi yerlərdə daşların duzlaşmasına səbəb olan amilləri ətraflı öyrənmişdi.
Bundan sonra Divanxanada aparılacaq bərpa işləri müsabiqədə qalib gəlmiş ”Arte Restauro” şirkətinə həvalə olunmuşdu. Həmin şirkətin bərpaçıları azərbaycanlı həmkarlarını da bu işə cəlb etməklə Divanxananın bərpasını uğurla başa çatdırmışlar.
“Arte Restauro” şirkətinin kommersiya məsələləri üzrə meneceri Roberto Galeazo, akademik Rasim Əfəndiyev, “Şirvanşahlar Sarayı” muzeyinin direktoru Sevda Dadaşova mərasimdə çıxış etdilər.
Qeyd olundu ki, bərpa işləri aparılarkən dam örtüyü hidroizolyasiya edilmiş, abidədəki duzlaşmalar, zamanın təsirindən qaralmış səthlər təmizlənmiş, daşların tikiş və çatları əhəng məhlulu ilə doldurulmuş, ayrı-ayrı memarlıq elementləri bir-birinə pərçimlənmiş, daşlar bərkidilmişdir. Bu işlərdə fərqlənən ustaların adları xususi vurğulandı.
Mərasimdə 4 nəfərə Şirvanşah Xəlilullahın rəmzi fərmanı təqdim olundu.
Axırda tədbir iştirakçıları Divanxanada görülmüş işlərlə tanış oldular, “Qədim Şərq” musiqi alətləri ansamblı geniş konsert proqramı ilə çıxış etdi.
Foto: Namiq Məmmədovundur.