CƏMİYYƏT
“SMM 2016 Business Breakfast” layihəsinə başlanılıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” Karyera Mərkəzi, “ASAN Könüllüləri” Təşkilatı və Yüksək Texnologiyalar Parkının təşkilati dəstəyi ilə “SMM 2016 Business Breakfast” layihəsinin açılış mərasimi keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “ASAN School” təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev, “ASAN Könüllüləri” təşkilatının rəhbəri Bəxtiyar İslamov, layihə rəhbəri Ləman Əhmədova çıxış edərək, layihənin önəmindən danışıblar.
Qeyd olunub ki, sosial media artıq insanlar üçün vaxt keçirmək, oyun oynamaq, əylənmək üçün yox, daha operativ informasiya əldə etmək, iş münasibətləri, faydalı ünsiyyət qurmaq üçün önəmlidir.
Bildirilib ki, “SMM 2016” layihəsi gənclərə sosial şəbəkələrin daha səmərəli istifadə olunması baxımından faydalı olacaq.
Layihə çərçivəsində iştirakçılara peşəkar mütəxəssislər tərəfindən təmənnasız şəkildə PR, marketinq, branding, rəqəmsal marketinq və s. kimi təlimlər keçiləcək.
Təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcəklər. İşgüzar nahar zamanı komandalara hər hansı problemli məsələnin həlli üçün bir saat vaxt veriləcək. Ən səmərəli təklif irəli sürən komandanın nümayəndəsi təcrübə üçün şirkətə göndəriləcək.
Layihənin əsas məqsədi SMM sahəsində peşəkar təlim proqramı tərtib etmək və əmək bazarına professional SMM mütəxəssislərini çıxartmaqdır.