İQTİSADİYYAT
“SOCAR-AQŞ” MMC-də tələbələrin “Yay təcrübəsi proqramı” başa çatıb
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq bir neçə ildir “SOCAR-AQŞ” Azərbaycanın müxtəlif ali məktəblərində neft-qaz qurğuları, qazma, geofizika, geologiya, idarəetmə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, ekologiya, energetika və digər ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Yay təcrübəsi proqramı” həyata keçirir. Proqram tələbələrin qazma sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılmasına dəstək verir.
Bu il daxil olan müraciətlərə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla adlayan 9 tələbə “SOCAR-AQŞ”də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb. Müəssisənin rəhbərliyi “Yay təcrübəsi proqramı”na xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, onların səmərəli istehsalat təcrübəsi keçməsi üçün lazımi şəraiti yaradıb. Bu müddət ərzində iştirakçılar ixtisaslarına uyğun olaraq müəssisənin müxtəlif struktur bölmələrində çalışaraq praktiki təcrübə qazanıblar.
Proqramın sonunda tələbələr fərdi və qrup şəklində onlara həvalə olunan müxtəlif layihələr üzrə təqdimatlar hazırlayaraq müəssisə rəhbərliyinə təqdim ediblər. Yay təcrübəsini uğurla başa vuranlar Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri olub. Onlara müəssisə tərəfindən sertifikatlar təqdim edilib.