İQTİSADİYYAT


SOCAR-AQŞ “Ümid”dəki 14 nömrəli quyunun tikintisini yekunlaşdırıb

Bakı, 27 dekabr, AZƏRTAC

SOCAR-AQŞ “Ümid” yatağının 1 nömrəli stasionar dəniz özülündən 14 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 7-ci horizonta qazılan 14 nömrəli quyunun inhirafı 1000 metr təşkil edir. Faktiki dərinliyi 6 min 352 metr olan quyunun sifarişçisi “SOCAR-ÜMİD” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC).

SOCAR-AQŞ-nin dərin quyular üzrə əməliyyat meneceri Eldar Yaradanquliyev 1 nömrəli özüldə müəssisənin apardığı qazma işlərinə münasibət bildirərək deyib: “Dünyanın ən mürəkkəb və yüksəktəzyiqli yataqlarından biri hesab olunan “Ümid”də sifarişçi tərəfindən təyin olunan texnoloji parametrlər SOCAR-AQŞ tərəfindən dəqiq yerinə yetirilib. 14 nömrəli quyu keyfiyyətlə və təhlükəsiz tikilərək sifarişçiyə təhvil verilib. Peşəkar qazma briqadamız qarşıya qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirərək bu sınaqdan uğurla çıxıb. 7-ci horizonta qazılan quyuya istismar kəmərı endirilib, sementlənib və uğurla kipliyə yoxlanılıb. “Ümid” kimi yüksəktəzyiqli yataqda quyu tikintisini uğurla yerinə yetirmək təcrübəsi müəssisəmizin beynəlxalq qazma layihələrində iştirak potensialını xeyli artırır. Əminəm ki, bundan sonra da potensialımızı və təcrübəmizi yeni texnologiyalarla birləşdirərək bu uğurun davamlı olmasını təmin edə biləcəyik”.

Müəssisənin baş direktorunun müavini, baş geoloq İftixar Qasımov 14 nömrəli quyuda aparılan geofiziki ölçü işlərinə münasibət bildirərək qeyd edib ki, SOCAR-AQŞ sifarişçi tərəfindən sifariş edilən geofiziki ölçü işlərini tam yerinə yetirməklə yanaşı müasir “Ultrasonic” (IBC) cihazından da uğurla istifadə edib: “Bu cihaz vasitəsilə istismar kəmərinin arxasında müxtəlif intervallarda sementin zonal izolyasıyasını dəqiq müəyyən edə bilirik. Yeni nəsil geofiziki ölçü cihazlarının uğurlu tətbiqi quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına təsir edən əsas amillərdən biridir”.

SOCAR-AQŞ növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.