İQTİSADİYYAT
SOCAR: Almaniyada növbəti yay düşərgəsinə göndərilmək üçün 20 uşaq seçilib
Bakı, 28 aprel, AZƏRTAC
SOCAR-ın işçilərinin övladları üçün SOCAR və Almaniyanın "Uniper" şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti yay düşərgəsi təşkil olunacaq.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədilə SOCAR-ın İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilib. Proqramda iştirak etmək üçün 30 uşaq müraciət edib. Proqrama seçim müsabiqə əsasında həyata keçirildiyi üçün namizədlər ilk olaraq test imtahanına dəvət olunub, imtahanlardan müvafiq keçid balını toplayan 25 nəfər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Aprelin 24-25-də keçirilmiş müsahibə turunda iştirak edən namizədlər bilik, bacarıq və dünyagörüşlərini nümayiş etdiriblər. Müsabiqənin son turunu uğurla keçən 20 nəfər Almaniya Yay Düşərgəsi Proqramında iştirak imkanı qazanıb.
Proqram başa çatdıqdan sonra layihənin davamı olaraq iyulun 17-31-də "Uniper" şirkətinin əməkdaşlarının övladları üçüncü dəfə keçiriləcək Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər. Proqram müddətində almaniyalı uşaqlar Azərbaycanın mədəni irsi, tarixi, incəsənəti ilə tanış olacaqlar.
SOCAR və "Uniper" şirkəti arasında 2013-cü il sentyabrın 19-da imzalanmış qaz satışı və əməkdaşlıq sazişinə əsasən, hər iki şirkət arasında layihələr və proqramların həyata keçirilməsi artıq bir neçə ildir uğurla davam etdirilir. Bu proqramlardan biri də hər iki şirkətin əməkdaşlarının uşaqları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Yay düşərgələri proqramı 2014-cü ildən etibarən keçirilir.