İDMAN
SOCAR Azərbaycanın bölgələrindən uşaq futbol liqalarının bombardirlərinə Avro-2016-nın finalına bilet hədiyyə edib
Bakı, 5 iyul, AZƏRTAC
SOCAR Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Fransaya, Avropa Çempionatının finalına səyahət hədiyyə edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da Avro-2016-nın final oyununu Parisin stadionunda izləyəcəklər.
AFFA və Azərbaycanın futbol üzrə yığma komandasının rəsmi sponsoru SOCAR, marketinq strategiyasının davamı olaraq 2016-cı il futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşlığını həyata keçirir. SOCAR UEFA ilə tərəfdaşlığından bəhrələnərək, artıq ən mühüm korporativ məqsədlərinə nail ola bilib. Şirkət xarici ölkələrdə olan yanacaqdoldurma məntəqələrində (YDM) satışlarını 30 faizə qədər artırıb, Avropa bazarında öz məhsullarının davamlı satışını təmin etmək üçün SOCAR Avropanın ən böyük futbol yarışı vasitəsilə brendin tanıdılması vəzifəsini yerinə yetirməkdədir.
Gəlirlərin davamlı artırılması ilə yanaşı, SOCAR futbol bayramının sevincini ilk növbədə Azərbaycandakı futbolsevərlərin üzünə açıb, Bakı Olimpiya Stadionunda azarkeşlər zonasının yaradılması, SOCAR Barometer onlayn statistik məlumatlandırma sisteminin tətbiqi və Avropa Çempionatına biletlərin azarkeşlərə hədiyyə edilməsi kimi bir sıra ictimai layihələr həyata keçirib. SOCAR Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Avropa Çempionatının finalına səyahət hədiyyə edib. Öz liqalarının istedadlı futbolçuları olan 6 gənc iyulun 10-da Avro-2016-nın final oyununu Parisin stadionunda izləyəcək.
AFFA-nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində iştirak edən hər bir uşağın həyatı və nailiyyətləri haqqında qısa filmlər çəkilib və ictimaiyyətə təqdim olunur.
https://www.youtube.com/watch?v=ikd80TS8Sns
https://www.youtube.com/watch?v=T2QO1WgLNfc
https://www.youtube.com/watch?v=-e3qLp1zse4