CƏMİYYƏT
SOCAR: “Boots&Coots” şirkətinin yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür VİDEO
Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda “Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan məlumat verilib. Bildirilib ki, həm “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları isə davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri ilə axtarışlar aparılır. Yanğının söndürülməsində isə hazırda 6 gəmi iştirak edir.