İQTİSADİYYAT
SOCAR: Dəniz özüllərində təhlükəsizliyin gücləndirilməsi tədbirləri diqqət mərkəzindədir
Bakı, 16 yanvar, AZƏRTAC
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və “Neft Daşları” neft və qazçıxarma idarələrinin (NQÇİ) dəniz özüllərində olub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarələrin istismarında olan “Bulla-dəniz” və “Neft daşları” yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilib, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilib, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanıb.
Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunub. Əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
İşçi heyətin üzvləri, eyni zamanda, “Neft Daşları” yatağında tikintisi başa çatdırılmış 2A nömrəli İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olub, “Bulla-dəniz” yatağının 6 nömrəli özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanıblar.
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması; qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması; yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması; meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi; yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınıb, müvafiq tapşırıqlar verilib. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğunu, təhlükəsizliyin təminatı məqsədilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini bir daha vurğulayıblar. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilib.
Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi.
Xatırladaq ki, N.Nərimanov adına NQÇİ-nin 3 nömrəli neftyığma məntəqəsi də, istismar olunmayan estakadanın bir hissəsinin güclü tufan nəticəsində uçaraq, işlək neftyığma məntəqəsini də dənizə uçurmasının nəticəsində baş vermişdi. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədilə əlavə tədbir kimi nəzərdə tutulmuş və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilmişdir.