İQTİSADİYYAT
SOCAR Dünya Neft Şurasının XXII Konqresi çərçivəsində keçirilən sərgidə iştirak edir
Bakı, 12 iyul, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Neft Şurasının XXII konqresi çərçivəsində aparıcı neft-qaz şirkətlərinin sərgisi təşkil olunub.
SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, sərgidə Azərbaycanı SOCAR təmsil edir. Dünya energetika sektorunun ən əhəmiyyətli tədbiri olan sərgi-konqres Türkiyə Prezident Administrasiyasının himayəsi ilə, qardaş ölkənin Energetika Nazirliyinin təşkilatçılığı, eləcə də SOCAR və TPAO şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.
Sərgidə Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Əlcəzair, Qətər, Küveyt, Venesuela, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İtaliya daxil olmaqla dünyanın 40 ölkəsindən neftin, qazın hasilatı, emalı, kimyası və nəqli sahələrində tanınmış 100-dən artıq böyük şirkət təmsil olunur.
SOCAR-ın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Şirkətin pavilyonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən enerji strategiyası çərçivəsində Azərbaycanın qazandığı uğurlar, Türkiyədə həyata keçirilən nəhəng layihələr, ölkəmizdə tikilməkdə olan Karbomid və Polimer zavodlarında görülən işlər nümayiş olunur. Buradakı monitorlarda Azərbaycanda karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış işlərindən görüntülər, neft-qaz yataqları barədə məlumatlar, beynəlxalq ixrac kəmərlərinin tikintisini əks etdirən videoçarxlar təqdim edilir. SOCAR təmsilçiləri dünyanın aparıcı neft-qaz şirkətlərinin nümayəndələrinə şirkətin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verir, onları maraqlandıran sualları cavablandırırlar.
Sərgi-konqres işini uğurla davam etdirir.