İQTİSADİYYAT
“SOCAR Georgia Petrolium” ötən il Gürcüstan iqtisadiyyatına 5165 531 lari məbləğində sərmayə qoyub
Tbilisi, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublıkası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı müəssisələrindən biri olan “SOCAR Georgia Petrolium” şirkəti 2015-ci ildə Gürcüstanda 8 yanacaqdoldurma məntəqəsi tikərək istifadəyə verib. Onlardan ikisi benzin, altısı isə təbii qazdoldurma stansiyalarıdır.
Keçən il Tbilisinin mərkəzində şirkətin xidmət-mərkəzinin ofisi açılıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, yeni açılan məntəqələrdə 50 nəfər daimi işlə təmin olunub.
Bildirilib ki, şirkət, Gürcüstanın Şərq-Qərb avtomagistralında çoxfunksiyalı kompleksin tikintisi ilə əlaqədar keçirilmiş tenderin qalibi olub və tikinti işlərinə hazırlıq gedir.
Hesabat dövründə “SOCAR Georgia Petrolium” öz vəsaiti və kreditlər hesabına Gürcüstanda müxtəlif sahələrə 5 milyon 165 min 531 lari (1 lari 63 qəpikdir) məbləğində investisiya qoyub, bu ölkənin dövlət büdcəsinə 109 240 678.00 lari vergi ödəyib. Eyni zamanda, 118051.92 lari həcmində sponsorluq işləri görülüb. Xeyriyyəçilik tədbirlərinə isə 2432.80 lari yönəldilib.
Göstərdiyi səmərəli fəaliyyətinə görə, “SOCAR Georgia Petrolium” şirkəti 2015-ci ildə Gürcüstanın Milli Biznes Reytinq İttifaqının medalına və “Sənaye lideri” adına, Milli Statistika Xidmətinin Fəxri fərmanına layiq görülüb.
Səmərəli fəaliyyətinə görə, şirkətin bir əməkdaşı “Neft və qaz sahəsinin əməkdar işçisi” fəxri adına layiq görülüb, 15 əməkdaşı isə Gürcüstan Həmkarlar İttifaqları Federasiyası tərəfindən fəxri fərmanla təltif olunub.
Şirkət 2016-cı ildə Gürcüstanda fəaliyyətini daha da genişləndirmək, daha geniş sahələrə sərmayə yatırtmaq niyyətindədir. Bunun üçün artıq bir neçə layihə də hazırlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi