İQTİSADİYYAT


SOCAR Gürcüstanda daha bir yaşayış məntəqəsini təbii qazla təmin edib

A+ A

Tbilisi, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Gürcüstanın Kvemo-Kartli bölgəsində, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qırıxlı kəndində qazpaylayıcı stansiyasının açılışı olub.

Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, 11 kilometr uzunluğunda olan yeni qaz xətti 259 abunəçini təbii qazla təmin edəcək. Ümumilikdə isə Kvemo-Kartliyə 1027 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 26 837 abunəçi mavi yanacaqla təmin olunub. Bu ilin sonuna qədər daha 158 kilometrlik qazpaylayıcı şəbəkənin tikintisi nəzərdə tutulub. Bu da daha 3 434 abunəçinin qazla təmin olunmasına imkan verəcək. Həmçinin, ilin sonuna qədər daha 1600 kilometrlik qaz xəttinin çəkilməsi planlaşdırılıb ki, bu da 40 min abunəçini qazla təmin edəcək.

Xatırladaq ki, 2009-cu ildən bu günə qədər "SOCAR Georgia" şirkəti Gürcüstanda 5 360 kilometrlik qazpaylayıcı şəbəkə tikib və 209 136 abunəçiyə qaz verib. Ümumiyyətlə isə şirkətin 2017-ci ilədək Gürcüstanda 7 000 kilometrlik qazpaylayıcı şəbəkə tikmək barədə investisiya öhdəliyi var. Bu da 250 min abunəçinin mavi yanacaqla təminatı deməkdir.

K.Kaladze açılış mərasimində deyib ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir: "Bu günlərdə biz Bakıda səfərdə olduq, çox səmərəli görüşlər keçirdik. Bu gün burada yeni qazpaylayıcı məntəqəsinin açılışını edirik. Gürcüstan əhalisinin təbii qazla təminatına Azərbaycan hökuməti yaxından kömək edir. Buna görə Azərbaycan Prezidentinə minnətdarıq".

R.Abdullayev Prezident İlham Əliyevin salamlarını Marneuli ictimaiyyətinə çatdırıb və deyib ki, SOCAR Azərbaycanda olduğu kimi Gürcüstanda da qazlaşdırma işlərini uğurla davam etdirir. İlin sonuna kimi daha 40 min abunəçi qazla təmin olunacaq. SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Sonra rəsmilər Qırıxlı kəndinin sakinləri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.