İQTİSADİYYAT


SOCAR: Karbamid zavodunda inşaat işləri 82 faiz icra olunub

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

Karbamid zavodunda inşaat işləri 82 faiz icra edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Ölkəmizdə qeyri-neft sektorunun inkişafına dəstək verəcək daha bir layihəmiz olan Karbamid zavodu üzrə tikinti işlərini bu il başa çatdırmağı, gələn il isə istehsala başlamağı planlaşdırırıq. Hazırda inşaat işləri 82 faiz icra olunub. Karbamid zavodunun tikilməsində əsas məqsəd SOCAR-ın təbii qaz resurslarından xammal kimi istifadə etməklə, ölkədə kənd təsərrüfatının azot gübrəsinə tələbatını ödəmək və əlavə ixrac potensialı yaratmaqdır”, - deyə SOCAR-ın məlumatında deyilir.

Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Yanvarda SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

Qeyd edək ki, Sumqayıtdakı Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.