CƏMİYYƏT
“SOCAR Methanol” MMC-də Ümumdünya Qan Donoru Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Qaradağ rayonunda yerləşən “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodunda 14 İyun - Ümumdünya Qan Donoru Günü ilə əlaqədar talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, aksiya Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına və həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq “SOCAR Methanol” MMC və Mərkəzi Qan Bankının təşəbbüsü ilə keçirilib.
Aksiyada zavod əməkdaşları könüllü şəkildə iştirak edib. Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Aksiyada iştirak edən zavod əməkdaşları qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah iş olduğunu bildirib və belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edir.