İQTİSADİYYAT


SOCAR “Özbəkneftqaz” şirkəti ilə Memorandum imzalayıb

Bakı, 2 iyun, AZƏRTAC

SOCAR ilə “Özbəkneftqaz” şirkəti arasında Azərbaycanda mümkün fəaliyyət istəqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Xəzər Neft və Qaz-2017” sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan “Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Alişer Sultanov ilə görüşdə Azərbaycanda və Özbəkistanda artıq bir ənənəyə çevrilmiş beynəlxalq neft və qaz sərgilərinin dünyanın enerji qurumları arasında fikir və təcrübə mübadiləsinin aparıldığını, bu sahədə əldə olunmuş nailiyyətlərin nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib, bu forumlar çərçivəsində keçirilən ikitərəfli görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

O, SOCAR-ın regional və qlobal əhəmiyyətli layihələrdə uğurlu iştirakını xatırladaraq, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərin və qazanılan təcrübənin Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafında faydalı olacağını və gələcək layihələr üçün əsas yaradacağını bildirib. R.Abdullayev enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, birgə neft-qaz əməliyyatlarının aparılması üçün perspektivlərin araşdırılmasının SOCAR-da diqqət mərkəzində olduğunu qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin gedişi haqqında qonaqlara ətraflı məlumat verib.

“Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Alişer Sultanov “Xəzər Neft və Qaz-2017” sərgi-konfransında iştirak etmələrindən, rəhbərlik etdiyi şirkətin bu nüfuzlu forumda təmsil olunmasından məmnunluq duyduqlarını söyləyib, Özbəkistanda həyata keçirdikləri hasilat, emal, neft-qaz kimyası layihələrindən danışıb.

O, ötən ay Daşkənddə keçirilən “Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakını və Rövnəq Abdullayev ilə görüşlərini xatırladaraq, SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında imzalanmış Memorandumu yeni dövrdə iki şirkət arasında dərin və sıx əməkdaşlığın yaranması nöqteyi-nəzərindən yüksək qiymətləndirib. Alişer Sultanov əmin olduğunu bildirib ki, bu gün imzalanan sənəd ikitərəfli əməkdaşlığın inkişafı üçün imkanları daha da genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.