İQTİSADİYYAT
“SOCAR Polymer” MMC “Innovene S Process” texnologiyası ilə polietilen istehsal edəcək
Bakı, 27 aprel, Nihat Budaqov, AZƏRTAC
“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Sumqayıt Kimya Sənaye Parkında inşasını nəzərdə tutduğu zavodda polietilen istehsalı üçün Böyük Britaniyanın “Ineos Technologies” şirkətinin “Innovene S Process” texnologiyasını seçib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ineos Technologies” məlumat yayıb. Bildirilir ki, “SOCAR Polymer” MMC “Ineos” texnologiyası üzrə orta və yuxarı təzyiqli polietilen istehsal edəcək. Şirkət ilk dəfə olaraq Azərbaycan istehsalçıları üçün “Innovene S” prosesi üzrə lisenziya təqdim edəcək.
“Ineos Technologies”in direktoru Peter Vilyams bildirib ki, şirkət Azərbaycanda neft-kimya sənayesinin inkişafına dəstək verməkdən xoşbəxtdir və birinci sinif istehsal aktivi yaratmaq üçün “SOCAR Polymer” ilə birgə çalışacaq.
“SOCAR Polymer” MMC tərəfindən illik layihə gücü 120 min ton təşkil edən yüksək sıxlıqlı polietilen qurğusunun 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır.