İQTİSADİYYAT
“SOCAR-Polymer”in əməkdaşları üçün buraxılış imtahanları keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR-Polymer” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə TTSİ və “SOCAR-Polymer” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3 və 6 aylıq, eləcə də 1 illik kurslarda “SOCAR-Polymer” MMC şirkətinin əməkdaşlarının 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulub. STTM-də “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə ümumilikdə 33 nəfərin hazırlanması başa çatdırılıb.
İmtahanlarda iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb. TTSİ və “SOCAR-Polymer” MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən imtahanlar zamanı STTM-də təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahan nəticələri dinləyicilərin hazırlığının çox yüksək səviyyədə olduğunu göstərib.