İQTİSADİYYAT


“SOCAR Polymer”in məhsulları daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılacaq

Bakı, 14 aprel, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” Zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırığına müvafiq olaraq keçirilən tədbirdə məlumat verilib.

Aprelin 14-də Bakıda İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 50-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin şaxələndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir müəssisə fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, investisiya təşviqi mexanizminin yaradılması nəticəsində qısa müddətdə 130 layihəyə investisiya təşviqi sənədi verilib. Bu layihələrin 62 faizi sənaye sahəsinə aiddir və onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,25 milyard manatdan çox investisiya qoyulacaq və 8 mindən çox yeni iş yeri açılacaq.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Fərman və Sərəncamları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ sənaye parkları artıq fəaliyyət göstərir və bu parklara rezidentlər cəlb olunaraq onların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur və güzəştli rejim yaradılıb. Sumqayıt Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun çeşidi və həcminə görə ən böyük sənaye parkıdır. Parkın artıq 10 rezidenti var. Burada rezidentlər tərəfindən bu il 5, gələn il isə 2 müəssisisə istifadəyə veriləcək və həmin müəssisələr idxalı əvəzləyən və ixracyönümlü məhsullar istehsal edəcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihələrindən biri olan “SOCAR Polymer”in icra vəziyyətinin dövlət başçısının daim nəzarətində olduğunu qeyd edən nazir bu layihənin ölkəmiz üçün əhəmiyyətindən danışıb. “SOCAR Polymer” MMC-nin istehsalı olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarların xammala tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək. Qeyd olunub ki, Prezidentin tapşırığına əsasən, bu müəssisənin məhsulları hesabına yeni zavod və fabriklərin, istehsal sahələrinin yaradılması məqsədilə sahibkarlar arasında geniş təbliğat işləri aparılmalı, iş adamları “SOCAR Polymer”in məhsulları ilə tanış edilməlidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Polymer” layihəsinin əhəmiyyəti barədə danışaraq, müəssisənin ölkədə digər sənaye sahələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Layihənin Azərbaycanda sahibkarlığın inkişafına töhfə olduğunu, özəl şirkətlərin layihəyə cəlb edildiyini diqqətə çatdıran SOCAR prezidenti burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilenin yerli şirkətlər tərəfindən istehlak mallarına çevrilməsinə yaradacağı imkanlardan bəhs edib. Qeyd olunub ki, qeyri-neft sənayesinin ən iri və aparıcı müəssisələrindən olacaq “SOCAR Polymer”in məhsulları sahibkarlıq subyektlərinin xammalla təchizatında əhəmiyyətli rol oynayacaq, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qurumun fəaliyyəti və nəzərdə tutulan tədbirlər, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov isə parkda yaradılan şərait, sahibkarların səmərəli fəaliyyəti üçün qurulan infrastruktur, tətbiq olunan güzəştlər və rezidentlər haqqında məlumat veriblər.

“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib ki, müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. Şirkətin 2018-ci ilin əvvəlinə illik istehsal gücü 180 min ton polipropilen olan və ildə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal etmək gücünə malik istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Bu məhsullar üçün xammal olaraq “Azərikimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə ediləcək. Hazırda zavodun tikintisində 1500-ə yaxın işçi çalışır. Müəssisə fəaliyyətə başladıqdan sonra isə 300 nəfər daimi işlə təmin olunacaq.

Sonra sahibkarlarla “SOCAR Polymer”in istehsal edəcəyi məhsullardan istifadə imkanlarına dair müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının yeni 10-cu rezidenti “STDC” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.