İQTİSADİYYAT
SOCAR: Qaz anbarlarının həcmi genişləndiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
SOCAR-ın qaz anbarlarının həcmi genişləndiriləcək.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin “Azneft” İstehsalat Birliyinin (İB) Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin istehsalat fəaliyyəti və texniki-iqtisadi göstəricilərinin təhlili ilə bağlı keçirilən müşavirədə məlumat verilib.
İdarənin rəisi Rövşən Qarayev bildirib ki, yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağa” olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının yenidən qurulmasında, qorunub saxlanılmasında, düzgün istismarında, habelə qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər qazanılıb.
İdarə rəisi ötən il qazvurma mövsümündə yeraltı qaz anbarlarına 1 milyard 987 milyon kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2 milyard 968 milyon kubmetr qaz ehtiyatı yaradıldığını bildirib. Qeyd edib ki, indiyə qədər qaz anbarlarından 1 milyard 873 milyon kubmetr qaz çıxarılaraq təhvil verilib. Hazırda “Azneft” İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində idarə üzrə qaz həcmlərinin 6 milyard kubmetrə çatdırılması planlaşdırılır. İl ərzində daha 7 quyunun qazılması nəzərdə tutulub.
“Azneft”in baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov İstehsalat Birliyinin rəhbərliyi tərəfindən idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Sonda əməyin mühafizəsi sahəsində davranış və təhlükəsizliyin müşahidə vərəqələrinin təhlili nəticəsində istismar avadanlıqları sahəsinin işçiləri Nəzər Atalıyev və Elşən Hətəmova istehsalatla əlaqədar təhlükənin qarşısını aldıqlarına görə “Azneft” İB-nin tərifnamələri və hədiyyələri təqdim olunub. İdarənin 2016-cı il ərzində əməyin mühafizəsi sahəsində davranış və təhlükəsizliyin müşahidə sistemi üzrə fərqlənmiş 12 işçisinə də hədiyyələr verilib.