İQTİSADİYYAT


“SOCAR Trading” Çin bazarına çıxış üçün 3 xam neft treyderi ilə işləyəcək

A+ A

Bakı, 30 noyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti Çin bazarına daxil olmaq üçün 3 xam neft treyderi ilə işləyəcək.

AZƏRTACreuters.com”a istinadla xəbər verir ki, bu barədə “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov məlumat verib.

O deyib ki, “Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və “Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-la birgə işlərə qoşulub, digər treyder isə gələn il fəaliyyətə başlayacaq.

“SOCAR Trading”in həmin treyderlərin Çindəki şəbəkəsindən istifadə edəcəyini deyən A.Əzimov bildirib ki, bununla da, şirkət Çinin neft emalı zavodlarına daxil olacaq. “SOCAR Trading” 2015-ci ildə idxal lisenziyası verilən Çinin neft emalçılarına xammalı birbaşa satmağı planlaşdırır. İndiyədək şirkətin strategiyası Asiya bazarını əhatə etməyib, çünki Asiyadakı ölkələr neft satışı və tədarükündə daha çox dövlət şirkətləri ilə və hökumətlərarası sazişlər əsasında işləməyə üstünlük veriblər. Hazırda Asiyada “AzəriLayt” markalı neft İndoneziya, Tailand, Vyetnam və bəzən də Tayvana satılır.

Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.