İQTİSADİYYAT


“SOCAR Trading” ilə “Lotos” Polşaya xam neft, LPG və LNG məhsullarının çatdırılması üzrə razılığa gəliblər

A+ A

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycanın energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 18-21-də Polşa Respublikasının paytaxtı Varşavaya səfər edib. Səfərin məqsədi Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsi olub.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Hökumətlərarası Komissiyanın 7-ci iclasının açılış mərasimindən öncə komissiyanın hər iki tərəfdən həmsədrləri Azərbaycanın energetika naziri Natiq Əliyev və Polşa Respublikası Baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən Natiq Əliyev ölkəmizin iqtisadi potensialı, kənd təsərrüfatı, təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf prioritetləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair haqqında iştirakçılara ətraflı məlumat verib.

İclasın sonunda həmsədrlər Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekun protokolunu imzalayıblar.

Hökumətlərarası Komissiyanın başa çatmasından sonra baş tutmuş biznes görüşlərin açılış mərasimində çıxış edən N.Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin olduqca çox olduğunu bildirib. O, Polşa şirkətlərini Azərbaycana dəvət edib.

İclas çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış ediblər.

Daha sonra hər iki ölkənin özəl sektor nümayəndələri arasında biznes görüşlər təşkil edilib, faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində ilkin təmaslar həyata keçirilib. Bu çərçivədə SOCAR rəsmiləri “Sarmatiya” layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar. “SOCAR Trading” ilə Polşanın neft şirkəti olan “Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib.

N.Əliyev Polşaya səfəri çərçivəsində həmçinin bu ölkənin energetika naziri Kşıştof Txujevski, Prezident Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin voyevodası Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirib. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov görüşlərdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda arasında 8 iyul 2016-cı il tarixində Varşavada keçirilmiş görüş zamanı iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi ilə bağlı yeni vəzifələr qoyulub. Bu baxımdan Varşavada keçirilmiş Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının gündəliyi və komissiya çərçivəsində keçirilmiş bir sıra görüşlər həmin vəzifələrin həyata keçirilməsinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.