İQTİSADİYYAT


“SOCAR Trading” ötən il 22 milyon ton Azərbaycan neftinin satışını həyata keçirib

A+ A

Bakı, 17 avqust, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkətinin 2015-ci il üzrə gəlirləri 22,7 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Trading”in statistik hesabatında deyilir. Şirkət keçən il ümumilikdə 47 milyon ton Azərbaycanın xam neftinin, o cümlədən də üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirib. Həmin həcmin 22 milyon tonu Azərbaycanın xam nefti, 25 milyon tonu isə üçüncü tərəfin neft və neft məhsulları olub.

“SOCAR Trading” ötən il 15 milyon ton həcmində yüngül, orta və ağır distillatların satışını həyata keçirib. Yüngül distillatlar benzin, nafta, mayeləşdirilmiş neft qazı (LPG) və kondensat, orta distillatlar qazoyl, ultra aşağı kükürdlü dizel, ağır distillatlar isə yanacaq mazutu təşkil edib. 2015-ci ildə satılan yüngül distillatlar ümumi həcmin 61 faizini, ağır distillatlar 25 faizini, orta distillatlar isə 14 faizini formalaşdırıb.

Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. “SOCAR Trading” İsveçrədə 48 yanacaqdoldurma məntəqəsinə (YDM) sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.