İQTİSADİYYAT
“SOCAR Turkey Enerji A.Ş.” “OMV” şirkətinin Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini ala bilərmi?
Bakı, 13 fevral, Nihad Budaqov, AZƏRTAC
“SOCAR Turkey Enerji A.Ş.” Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini ala bilərmi?
AZƏRTAC “haberturk.com”a istinadla xəbər verir ki, “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz şirkətin “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Bu mövzu ilə bağlı hazırkı dövrdə müsbət və ya mənfi bir cavab vermək istəmirəm. “OMV” səhmlərin satılacağı ilə əlaqədar hələ ki yeni açıqlama verib. Ona görə də alğı-satqı əməliyyatları üçün hələ çox tezdir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı mövqeyimiz bilinəcək”.
Qeyd edək ki, Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin səhmlərini satışa çıxarıb. Şirkət “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparır. “OMV” özünün 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.