ELM VƏ TƏHSİL
“SOCAR–Türkiyə” şirkətinin layihələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün əhəmiyyətlidir
Bakı, 13 aprel, AZƏRTAC
“SOCAR–Türkiyə” şirkətinin təqdim edəcəyi layihələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri və məzunlarının təcrübə toplamaları, karyera qurmaları baxımından əhəmiyyətlidir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bunu universitetin rektoru, professor Mustafa Babanlı aprelin 13-də bu ali təhsil ocağında “SOCAR-Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə keçirilən görüşdə deyib.
Universitetin “SOCAR-Türkiyə”, “Petkim” və digər şirkətlərlə əməkdaşlığından söz açan rektor tələbə və məzunlara yaradılan bu fürsəti yüksək dəyərləndirib. O qeyd edib ki, ADNSU-nun hədəfi əlavə modullar və tələb olunan bilikləri verməkdir.
“SOCAR-Türkiyə”nin nəzdindəki müəssisələr, həyata keçirilən layihələr və digər fəaliyyət istiqamətləri barədə videosüjet nümayiş etdirilib.
Sonra tələbə və məzunlar üçün iki əsas layihə təqdim olunub, tələbələrin yay təcrübəsi keçmələri və “Star” şirkətində mütəxəssis kimi işləmələri məsələləri müzakirə edilib.
“SOCAR-Türkiyə”nin əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirdiyi beynəlxalq layihələrdən və qarşıda duran vəzifələrdən, həmçinin mühüm inkişaf mərhələlərindən danışıb. Vurğulanıb ki, SOCAR bu gün Türkiyədə bir nömrəli investor olmaqla yanaşı, mühüm layihələrə sərmayələrin cəlb edilməsini həyata keçirir. Türkiyə isə bu işdə körpü rolunu oynayır.
“Star” neft emalı zavodunun fəaliyyətindən bəhs edən “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş diqqətə çatdırıb ki, bu müəssisənin inşası dünyada ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrdən biridir.
D.Məmmədova proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Bildirilib ki, seçim imtahan və müsahibə əsasında aprelin sonunda keçiriləcək.
Sonda tələbələrin sualları cavablandırılıb.