İQTİSADİYYAT
SOCAR XXII Dünya Neft Konqresində iştirak edib
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 9-da İstanbulda XXII Dünya Neft Konqresi işə başlayıb. Dövlət və hökumət başçılarının, enerji nazirlərinin, dünyanın aparıcı neft və qaz şirkətləri rəhbərlərinin, nüfuzlu ekspertlərin təmsil olunduğu forum dünya enerji təchizatının gələcəyi mövzusuna həsr olunub.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və başqaları çıxış ediblər. İştirakçılar Dünya Neft Konqresinin əhəmiyyətindən danışıb, Türkiyədə keçirilən XXII konqresin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayıblar. İstehsalçı və istehlakçı ölkələr arasında açıq dialoq üçün platforma rolunu oynayan konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər diqqət mərkəzində olacaqdır.
İyulun 10-da keçirilən ilk plenar sessiyada bir sıra ölkələrin enerji nazirləri və neft-qaz şirkətlərinin rəhbərləri iştirak ediblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev sessiyada çıxış edib. Azərbaycanın qədim neft diyarı olduğunu və dünya neft-qaz sənayesinin inkişafında mühüm rol oynamış ilk təcrübələrin məhz ölkəmizdə həyata keçirildiyini qeyd edən Rövnəq Abdullayev ötən əsrin 90-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna səyləri nəticəsində xarici investorların ölkəmizə cəlb olunduğunu, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin kontraktı”nın imzalandığını və bununla da Azərbaycanda yeni enerji strategiyasının əsasının qoyulduğunu diqqətə çatdırıb. SOCAR prezidenti ötən dövr ərzində həyata keçirilən irimiqyaslı layihələr və əldə olunan nailiyyətlər barədə sessiya iştirakçılarına ətraflı məlumat verib, gələcək planlardan danışıb. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin Türkiyə və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı vurğulanıb.
Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrdən danışıb, iki qardaş xalqın rifahı naminə irihəcmli sərmayə layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Konqres iyulun 13-dək davam edəcəkdir. Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir və dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Türkiyə ilk dəfədir ki, Dünya Neft Konqresinə ev sahibliyi edir.