İQTİSADİYYAT
SOCAR Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinqi davam etdirir
Bakı, 12 iyul, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsi Xəzər dənizindəki neft-qaz yataqlarında ekoloji monitorinq işlərini davam etdirir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlər davam etdirilib. Bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən iyun ayının sonunda “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismarında olan “Günəşli” yatağında “Məmməd Süleymanov” gəmisi vasitəsilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinqlər zamanı 2015-ci il dekabrın 4-də qəza baş vermiş rayonda - 10 nömrəli dərin dəniz özülü ətrafında vizual müşahidələr aparılıb və layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb.
Gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihazla su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olunub. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib. Bundan başqa, “Van Veen” dibçarpanı vasitəsilə bioloji tədqiqatlar üçün dəniz dibindən çöküntülər, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülmüş, tədqiqat gəmisinin laboratoriyasında emal edilib, qablaşdırılmış və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
Ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında da davam etdirilir.