İQTİSADİYYAT


SOCAR Yaponiyada keçirilən “Texnoforum-2016”  beynəlxalq konfransında təmsil olunub

Bakı, 5 dekabr, AZƏRTAC 

SOCAR-ın nümayəndə heyəti noyabrın 27-dən dekabrın 3-dək Tokio və Yokohama şəhərlərində Yaponiyanın Neft, Qaz, Metal və Geotermal Enerji üzrə Korporasiyası (JOGMEC) tərəfindən təşkil edilmiş “Texnoforum-2016” beynəlxalq konfransında iştirak edib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir sıra ölkələrin dövlət rəsmilərinin, Yaponiyanın Su, Torpaq, Həyat problemləri İnstitutu (JAMSTEC), Vaseda Universiteti, “Сhioda Corporation”, “JOGMEC”, “INPEX”, “ITOCHU”, “Total”, “Gazprom” şirkətlərinin, müxtəlif dövlət orqanları və özəl təşkilat nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın Yaponiyadakı səfirliyi, SOCAR və “SOCAR Upstream” şirkəti də təmsil olunub. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda çıxışında Azərbaycanın həm quruda, həm də dənizdə neft hasilatının pioneri olduğunu qeyd edib, neftvermə əmsalının artırılmasının perspektiv metodları, xüsusilə də quruda tədqiqat işlərinin intensivləşdirilməsi ilə yüksək qalıqlı neftlə doymuş yataqlarda neftvermənin artırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib, eləcə də son nailiyyətlərdən, ölkəmizdə yaradılmış pozitiv sərmayə mühitindən söz açıb. Konfransda Xəzər dənizinin Azərbaycan sektorunda istifadə edilən müasir texnologiyalara və “Əsrin müqaviləsi”nə həsr edilmiş videomateriallar təqdim olunub.

SOCAR-ın nümayəndələri konfrans çərçivəsində “INPEX” şirkətinin prezidenti Toşiaki Kitamura, Vaseda Universitetinin professoru Kurihara, “ITOCHU” şirkətinin prezidenti Masahiro İmai və digər şirkətlərin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, o cümlədən Vaseda Universitetinin professorlarının Bakı Ali Neft Məktəbində mühazirələr oxuması, daha dörd SOCAR mütəxəssisinin Yaponiyada təcrübə keçməsi ilə bağlı məsələlər müzakirə olunub.

Şirkətin təmsilçiləri Yokohama şəhərində JAMSTEC institutunu ziyarət edib, bu qurumun icraçı direktoru Vataru Azuma və digər rəhbər şəxslərlə görüşüblər. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində keçirilən görüşdə əməkdaşlıq, yapon iştirakçıların maraqlı olduqları layihələrin maliyyələşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, gələn ilin əvvəlində texnoforumun region bazarının iştirakçıları üçün Azərbaycanda təşkil olunmasının mümkünlüyü müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.