ELM VƏ TƏHSİL
“SOCAR Yay Məktəbi-2015” layihəsinə sənəd qəbulu elan edilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr hazırlığı siyasətinin tərkib hissələrindən olan və 2010-cu ildən etibarən həyata keçirilən “SOCAR Yay Məktəbi” layihəsinə sənəd qəbulu başlanıb. Bu il avqustun 2-dən 12-dək keçirilməsi planlaşdırılan layihədə 50 gəncin iştirakı nəzərdə tutulur. “SOCAR Yay Məktəbi-2015” layihəsi üçün sənəd qəbulu mayın 25-dən iyununun 12-dək davam edəcək. İddiaçıların qeydiyyatı www.socar.az/tehsil veb səhifəsində aparılır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “SOCAR Yay Məktəbi” layihəsinə bu günədək ümumilikdə 1.230 nəfər müraciət edib və onlardan 192-si layihənin iştirakçısı olub. Yay məktəbi müddətində iştirakçılar enerji sektorunun bütün sahələri haqqında şirkətin məsul şəxslərinin mühazirələrini dinləyir, praktiki məşğələlər keçirlər. SOCAR-ın idarə və müəssisələrinə təşkil edilən ekskursiyalar onların istehsalat prosesi ilə yaxından tanışlığına imkan yaradır. Bundan əlavə, layihə müddətində tələbələrin istirahəti üçün sosial proqramlar və intellektual oyunlar təşkil olunur.
2013-cü ildən etibarən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə bu layihədə fərqlənən iştirakçıların şirkətin xaricdəki aktivləri ilə tanış olmaları məqsədilə həmin müəssisələrdə bir həftəlik təcrübə keçmələrinə başlanılıb. 2013-cü ildə layihədə fərqlənən iştirakçılar SOCAR-ın Türkiyədə, 2014-cü ildə isə İsveçrədə, Türkiyədə və Gürcüstanda fəaliyyət göstərən müəssisələrində təcrübə keçiblər. 2015-ci ildə həyata keçiriləcək yay məktəbi layihəsi zamanı intellektual oyunlar və prezentasiyalar keçirmək üzrə yarışlarda ilk üç yeri tutan komandalar seçimlərinə uyğun olaraq SOCAR-ın Türkiyə, Böyük Britaniya və İsveçrədəki müəssisələrinə, digər komandaların 10 nəfər ən yaxşı iştirakçısı isə Rumıniya və Gürcüstana səfər edəcəklər.