İQTİSADİYYAT
“SOCAR Yay Məktəbi-2016” layihəsi başa çatıb
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 29-da “SOCAR Yay Məktəbi-2016” layihəsinə yekun vurulub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “SOCAR Yay Məktəbi-2016” layihəsinin bağlanış mərasimində şirkətin baş ofisinin İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müşaviri Aydın Bədəlov iştirak ediblər.
Çıxış edənlər iştirakçı gəncləri bu əhəmiyyətli layihəyə qoşulduqlarına görə təbrik ediblər.
A.Bəkirli İRD-nin fəaliyyəti, məqsədi, vəzifələri, funksiyaları və nailiyyətləri barədə iştirakçılara məlumat verib. Bildirib ki, hər bir mütəxəssis öz sahəsindən başqa digər sahələrdən də məlumatlı olmalı, öz üzərində çalışmalı, problemləri komanda şəklində həll etməyi, insanlar qarşısında təqdimat keçirməyi bacarmalıdır. “SOCAR Yay Məktəbi” layihəsi də iştirakçılara məhz bu cür bacarıqları və keyfiyyətləri aşılayır.
O, layihə müddətində iştirakçıların enerji sektoru, geologiya və geofizika, qazma, yataqların işlənməsi və istismarı, neft və qazın emalı, ekologiya, neft və qaz məhsullarının satışı və nəqli, həmçinin SOCAR-da insan resurslarının düzgün idarə edilməsi haqqında ətraflı məlumatlandırılmalarından məmnun olduğunu söyləyib və bu məlumatların onların gələcək karyeralarına müsbət təsir edəcəyinə əminliyini bildirib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihənin qalib komandasına, intellektual yarış üzrə qalib komandalara, eləcə də layihə müddətində fərqlənən və xüsusi bacarıqları ilə seçilən fəal gənclərə hədiyyələr verilib.