İQTİSADİYYAT
“SOCAR Yay Məktəbi 2016”nın qaliblərinin Türkiyəyə səfəri təşkil edilib
Bakı, 29 noyabr, AZƏRTAC
SOCAR-ın İnsan Resursları Departamentinin təşkilatçılığı ilə avqustun 21-28-də həyata keçirilmiş “SOCAR Yay Məktəbi 2016” layihəsində qalib gələn komandalardan biri mükafat olaraq noyabrın 21-dən 27-dək Türkiyədə səfərdə olub.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qalib komanda SOCAR-ın beynəlxalq investisiya layihələri ilə yaxından tanışlıq məqsədilə İzmir şəhərinin Əliağa bölgəsində Türkiyə sənayesinin qabaqcıl qurumlarından olan “Petkim Petrokimya A.Ş.”ni (“Petkim”) ziyarət edib. Komanda üzvləri SOCAR Türkiyə Şirkətlər Qrupunun İnsan Resursları Departamenti üzrə direktoru Dinar Məmmədova ilə görüşüb. “Petkim”in icraçı direktoru Anar Məmmədov isə istehsalat sahələrində aparılan yenidənqurma, modernləşdirmə işləri və perspektiv layihələr haqqında qonaqlara məlumat verib.
“SOCAR Yay Məktəbi 2016” layihəsinin qaliblərindən Əsgər Vəliyev, Aqşin Babayev, Baba Həmzəyev, Şahin İbrahimov, Heydər Nəcəfov və Aysel Qədiməliyeva səfərdən xoş təəssüratla qayıtdıqlarını bildiriblər.
Sonda komanda üzvlərinə xüsusi sertifikatlar təqdim olunub.