İQTİSADİYYAT
SOCAR: Yeraltı qaz anbarlarının tutumu 5 milyard kubmetrə çatdırılacaq
Bakı, 25 avqust, AZƏRTAC
Yeraltı qaz anbarlarının tutumu artırılaraq 5 milyard kubmetrə çatdırılacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində cari ilin ilk 7 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan texniki müşavirə keçirilib. Müşavirədə birliyin baş direktoru Daşqın İskəndərov Prezident İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün son illər yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışıb, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində qazanılan uğurlardan söz açıb.
İdarənin rəisi Rövşən Qarayev bu il ərzində görülən işlər barədə məlumat verib, hazırda qış mövsümü üçün ehtiyat qazın anbarlara vurulmasının uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 milyard 555 milyon kubmetr qaz vurulub, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 milyard kubmetr təşkil edir. İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilib, 26 quyuda əsaslı və cari təmir işləri aparılıb.
Müşavirədə yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınıb. Strateji plana əsasən, yeni quyuların qazılması, qazılacaq quyular üçün sahələrin müəyyən olunması, yerüstü avadanlıqların yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi vacib hesab edilib, bu məqsədlə mühüm yenidənqurma və genişləndirmə işlərinin aparılacağı qeyd olunub.
D.İskəndərov Qaz Anbarlarının İstismarı İdarəsində görülən işlərin ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, qaz nəqli infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.