İQTİSADİYYAT
SOCAR almaniyalı məktəbliləri Azərbaycana gətirib
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 11-də İnsan Resursları Departamentində SOCAR və Almaniyanın “UniPer” şirkəti arasındakı əməkdaşlıq proqramı üzrə həyata keçirilən layihələrdən biri - “Azərbaycan Yay Düşərgəsi” Proqramının iştirakçıları ilə görüş keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə “UniPer” şirkətinin nümayəndələri də iştirak ediblər.
Azərbaycan və Almaniya arasında iqtisadi-siyasi əlaqələr haqqında məlumat verən departamentin rəisi Asif Bəkirli münasibətlərin inkişafından bəhs edib, neft-qaz ölkəsi olan Azərbaycanın Almaniya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd edib. Bu ilin iyununda Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun vacibliyi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşən A.Bəkirli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Forumda iştirakı və “Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik” fikrini səsləndirməsi ölkələrarası münasibətlərin müsbət istiqamətdə inkişaf etməsindən xəbər verir.
A.Bəkirli SOCAR-“UniPer” əməkdaşlığından danışıb, 2013-cü ildə SOCAR və “E.ON” (hazırkı “UniPer”) şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələrinin deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlərin genişləndiyini bildirib. Qeyd edib ki, proqram çərçivəsində 2014-cü ildən SOCAR-ın işçilərinin övladları üçün Almaniyada, “UniPer” əməkdaşlarının övladları üçün isə Azərbaycanda “Yay Düşərgəsi” proqramları həyata keçirilir. Proqram çərçivəsində avqustun 8-dən 20-dək Azərbaycanda səfərdə olan alman uşaqlar respublikanın müxtəlif bölgələrinə səfərlər edəcək, tarixi, mədəni məkanlarla tanış olacaqlar.
“UniPer”in Xəzər və Cənub bölgəsi və qaz təchizatı üzrə vitse-prezidenti Maykl Hilmer şirkətlərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayıb. O, layihələrin və proqramların həyata keçirilməsi zamanı göstərdikləri diqqətə, yay düşərgəsi proqramının yüksək səviyyədə təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib.
Məktəblilər daha sonra SOCAR-ın yeni inzibati binasına yollanaraq ofisdəki işgüzar mühitlə tanış olublar.