CƏMİYYƏT
SOCAR: bu vaxtadək itkin düşən işçilərin 6-sının cəsədi dənizdən çıxarılıb [YENİLƏNİB] VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Bu vaxtadək Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri 2 nəfər itkin düşmüş işçinin cəsədini Bakıya gətirərək Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Xətai Şöbəsinə təhvil verib. Cəsədlərin tanınması prosesindən sonra onların Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlu olduqları məlum olub. Tağıyev Fuad Tahir oğlu xilasedici dalğıc idarəsinin, Mahmudov Ağa İzzət oğlu isə kompleks qazma işləri trestinin işçiləri olub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də saat 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
O deyib: "Daha bir helikopter ilə 4 nəfərin cəsədi “Zabrat” aeroportuna gətiriləcək və oradan da Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabunçu Şöbəsinə tanınmaq üçün təhvil veriləcək. Aşkar olunmuş 6 nəfərin cəsədi müxtəlif istiqamətlərdə - platformadan təxminən 25 kilometr aralıda tapılıb.
B.Ağarəhimovun sözlərinə görə, hazırda bu helikopterlərdən əlavə “Günəşli” sahəsində daha 2 helikopter öz işini davam etdirir. Bundan əlavə, FHN daha bir əlavə helikopteri “Günəşli” sahəsinə göndərib. “Günəşli” yatağındakı 10 nömrəli özülün ətrafında xüsusi avadanlıqlarla təchiz olunmuş gəmi vasitəsilə axtarış işləri davam etdirilir. Burada dəniz daha dərin olduğu üçün xüsusi aparatlar vasitəsilə işlər yerinə yetirilir. Yanğının söndürülməsi məqsədilə əlavə qüvvə cəlb olunub və alovun lokallaşdırılması üçün maksimum iş görülür.
O bildirib ki, sualtı işləri ilə əlaqədar geofizika idarəsi "Neft daşları"nda 2-ci dalğıc qrupunun axtarış işlərinə qoşub. Artıq 501 nömrəli meydançanın bütün sahəsi araşdırılıb və növbəti sahələrə hərəkət etməyə başlayıblar. Hazırda xilasetmə işləri istiqamətində işlər aparılır. İstər “Günəşli” sahəsində, istərsə də "Neft daşları"nda helikopter və gəmilər, eyni zamanda isə dalğıc qrupları vasitəsilə axtarış-xilasetmə işləri davam etdirilir.