İQTİSADİYYAT
SOCAR buraxdığı istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Bakı Fond Birjasında (BFB) üzv olan "PSG Kapital İnvestisiya Şirkəti" QSC vasitəsilə "SOCAR istiqrazları" (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, investorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsilə SOCAR tərəfindən təmin olunacaq. Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyillər, hər an istiqrazlarını BFB-də geri satıb yatırılan vəsaitlərini götürə bilərlər.
Eyni zamanda, istiqrazlar üzrə market-meyker qismində çıxış edən "PSG Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5 faizlik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcək. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat verib.
Mövcud qanunvericiliyə uyğun olaraq, geri satınalma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaq.
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaq.