İDMAN
SOCAR-da Avropa çempionatında komanda hesabında bürünc medal qazanmış cüdoçularla görüş keçirilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də SOCAR-ın baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında uğur qazanmış cüdoçular və onların məşqçiləri ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının prezidenti R.Abdullayev idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən federasiya prezidenti mayın 6-9-da Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib. Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümidlər yaradır. R.Abdullayev tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibətilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılmış şəraitə görə təşəkkür edib, Bakı Qran-prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulayıblar.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda idmançılara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.