CƏMİYYƏT
SOCAR-da “Bioloji müxtəliflik günü” qeyd edilib
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə Ekoloji parkda “Bioloji müxtəliflik günü” qeyd olunub.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 247 nömrəli tam orta məktəbin şagird və müəllimləri, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda təqdimat olub, SOCAR-ın layihələrində biomüxtəlifliyin öyrənilməsi və mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin məktəblilərin hazırladıqları eko-kompozisiya nümayiş etdirilib, onlar üçün “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin ərazisinə ekskursiya təşkil olunub.
Qeyd edək ki, 2000-ci il mayın 22-də BMT-nin Baş Assambleyasının qətnaməsi ilə Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün “Beynəlxalq bioloji müxtəliflik günü” elan edilib. Azərbaycan 2000-ci ildən həmin Konvensiyanın üzvüdür.