İQTİSADİYYAT
SOCAR-da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsinə başlanılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
SOCAR-da istehsal prosesində yaranan itkilərin aradan qaldırılması, xərclərin azaldılması və əməliyyat fəaliyyəti səmərəliliyinin artırılması, əməyin təhlükəsizliyi səviyyəsinin qaldırılması və sair üzrə ideyaların mütəşəkkil qəbulunu təmin edən “Fasiləsiz Təkmilləşmə Sisteminin (FTS) Tətbiqi” layihəsinə başlanılıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihənin məqsədi SOCAR-da fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində yaradıcı ideyaların və təkliflərin şirkətin əməkdaşlarından toplanması, təhlili və tətbiq edilməsi, əməkdaşlarda “Qənaətcil istehsal” alətlərinin tətbiqi sahəsində peşəkarlığın inkişaf etdirilməsi yolu ilə onların mentalitetinin dəyişdirilməsidir. Bütövlükdə SOCAR-ı əhatə edəcək layihənin tətbiqi üzrə Nəqliyyat İdarəsinin bazasında bu il avqustun 15-i tarixdən etibarən pilot layihənin həyata keçirilməsinə başlanılıb və dekabrın 31-də başa çatdırılması planlaşdırılır.
SOCAR-ın strukturuna daxil olan digər qurumlarda da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsinin tətbiqinə 2017-ci il fevralın 1-i tarixində başlanılması nəzərdə tutulur.