İQTİSADİYYAT
SOCAR-da “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 1 mart, AZƏRTAC
SOCAR-da Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “SOCAR Tower”da Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar baş ofisin, şirkətin struktur bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
SOCAR-ın məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini Rəfail Məmmədov əhalinin mühafizəsinin təşkili, fövqəladə hallar zamanı əhalinin hazırlığının təmin edilməsi kimi məsələlərin mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, fövqəladə hallar zamanı davranış qaydalarının, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnmənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixindən bəhs olunub, təbii fəlakətlər və texnogen qəzaların təsnifatı, istehsalat qəzalarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, işçilərin təhlükəsizliyinin təmin edilməsində və maddi itkilərin qarşısının alınmasında mülki müdafiə tədbirlərinin əhəmiyyəti, personalın mülki müdafiəyə hazırlığı barədə söz açılıb. Sonra Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində həyata keçirdiyi işlər və “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda inzibati binanın foyesində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin mülki müdafiə üzrə fərdi mühafizə vasitələri və kimyəvi nəzarət cihazları nümayiş etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb. Sərgi SOCAR əməkdaşlarının böyük marağına səbəb olub.