İQTİSADİYYAT
SOCAR-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da SOCAR-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunub.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, planetimizin qorunması, cəmiyyət və təbiət münasibətlərində tarazlığın əldə edilməsi, ekoloji problemlərin həllinə göstərilən diqqət və qayğı, eləcə də SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlərə həsr olunan tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz və şirkət rəhbərlərinin nümayəndələri iştirak ediblər.
SOCAR-ın prezidenti R.Abdullayev bildirib ki, Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu neft strategiyası əvvəlki dövrlərdən müstəqil respublikamıza miras qalmış ekoloji problemlərin həllində təkanverici qüvvə rolunu oynayıb. O, həmçinin son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə beynəlxalq əməkdaşlıq və gələcəkdə planlaşdırılan işlər haqqında da geniş məlumat verib.
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Q.Counz isə BP ilə Azərbaycan arasında 25 illik uğurlu əməkdaşlıqdan söz açıb. O bildirib ki, BP Azərbaycandakı fəaliyyətində ətraf mühitin mühafizəsinə xüsusi önəm verir və bu sahədə SOCAR ilə birlikdə bir sıra uğurlu layihələrə imza atıb.
Q.Counz SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə BP-nin ali mükafatını təqdim edib.
Tədbirdə, həmçinin ətraf mühitin mühafizəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda ətraf mühitin mühafizəsi sahəsində uğurlu fəaliyyətlərinə görə seçilən BP və SOCAR əməkdaşları mükfatlandırılıblar.