İQTİSADİYYAT
SOCAR-da davamlı üzvi çirkləndiricilərin ətraf mühitə təsirləri barədə fikir mübadiləsi aparılıb
Bakı, 28 mart, AZƏRTAC
SOCAR-da davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələrində “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrasına dair treninq-seminar keçirilib. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, energetika və ekologiya sahəsində çalışan mütəxəssislər iştirak edib.
Tədbirdə SOCAR-da təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar, BMT-nin “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri, elektrik avadanlıqlarında aşkar olunan polixlorbifenil maddələrin idarə olunması haqqında seminar iştirakçılarına məlumat verilib, ETSN və AMEA nümayəndələrinin, SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin hazırladıqları prezentasiyalar təqdim edilib.
Seminarın sonunda Fəaliyyət Planının icrası istiqamətində görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.