İQTİSADİYYAT
SOCAR-da insan resurslarının idarə edilməsi üzrə təlim keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
SOCAR-ın müəssisə rəhbərləri və insan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər, mütəxəssis heyəti üçün şirkətin baş ofisində İngiltərədən dəvət olunan insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq aparıcı təlimçi, konsultant, eləcə də “Shell”, “BMW”, “Sony”, “Coca-Cola”, “Adidas”, “Nike” və sair kimi dünya şöhrətli şirkətlərdə iş təcrübəsinə malik, bir sıra elmi nəşrlərin müəllifi olan doktor Toni Miller tərəfindən “İnsan Resursları üzrə biznes tərəfdaş (İRBT) və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim-seminar təşkil edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim zamanı iştirakçılara son zamanlar şirkətlərdə insan resurslarının idarə edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və sair mövzular barədə məlumat verilib, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair real misallar göstərilib. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar təlimçi tərəfindən praktik misallarla cavablandırılıb.
Sonda təlim-seminarda iştirak edən SOCAR-ın əməkdaşlarına müvafiq sertifikatlar təqdim olunub.