CƏMİYYƏT
SOCAR-da növbəti qanvermə aksiyasına start verilib
Bakı, 15 noyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın idarə və müəssisələri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulub.
AZƏRTAC xəbər verir ki, SOCAR bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu il üzrə hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur.
Bu xeyirxah işə ilk olaraq noyabrın 15-də SOCAR-ın baş ofisində start verilib. Şirkətin baş ofisinin, sərmayələr, ekologiya və əmək şəraiti normalarının işlənməsi idarələrinin 100-ə yaxın əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə fəal iştirak edib. Aksiya ümumilikdə 2017-ci ilin may ayınadək keçiriləcək və şirkətin bütün idarə, müəssisələrini əhatə edəcək.
2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında fəal iştirak edir. İndiyədək şirkətin 27 min 573 əməkdaşı bu humanist aksiyaya qoşularaq qan verib.