İQTİSADİYYAT
SOCAR-da təcrübə keçən “ASAN könüllüləri” gələcəkdə şirkətin vakansiyalarına müraciət edə biləcəklər
Bakı, 19 aprel, AZƏRTAC
SOCAR-da ödənişsiz istehsalat təcrübəsi keçən "ASAN könüllüləri" gələcəkdə şirkətin vakansiyalarına müraciət edə biləcəklər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin İnsan Resursları Departamentində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “ASAN school” Master-2 layihəsi çərçivəsində SOCAR-da təcrübə keçəcək könüllülərlə keçirilən görüşdə məlumat verilib. Departamentin rəisi Asif Bəkirli müsabiqə nəticəsində təcrübə keçmək haqqı qazanan gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
A.Bəkirli vurğulayıb ki, şirkətdə istehsalat təcrübəsi keçmək üçün yaradılan şərait könüllülər üçün bir fürsətdir. Təcrübə müddətində qazanılmış bilik, bacarıq və davranış keyfiyyətləri onlara lider kimi formalaşmaqda və karyeralarının inkişaf etdirilməsində faydalı olacaq.
Qeyd olunub ki, ödənişsiz istehsalat təcrübəsi keçən könüllülər gələcəkdə SOCAR-ın vakansiyalarına müraciət edə bilərlər. Daha sonra Agentliyin İnsan Resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev və ASAN könüllüləri onlar üçün SOCAR-da yaradılan şəraitə görə şirkət rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
SOCAR və "ASAN xidmət" arasında 2016-cı ilin oktyabrında bağlanmış Sazişə görə mütəmadi olaraq "ASAN könüllüləri"nin şirkətdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur. Cari ildə "ASAN könüllüləri" arasından SOCAR-da təcrübə keçmək üçün müraciət edən 75 nəfərdən 59-u ilkin seçim meyarlarına uyğun gəlib, onlardan 41 nəfəri test imtahanında uğur qazanıb. Müsahibə mərhələsində iştirak edən 38 nəfərdən 28 nəfəri SOCAR-da istehsalat təcrübəsi keçmək hüququ qazanıb.