CƏMİYYƏT
SOCAR: dörd nəfərin cəsədi ailə üzvlərinə təhvil verilib VİDEO
Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC
Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabunçu Şöbəsinə gətirilən 4 nəfər işçinin cəsədi artıq tanınıb. Onlar "28 May" neft və qazçıxarma idarəsinin işçisi Quliyev Fəxrəddin Xancan oğlu, kompleks qazma işləri trestinin işçiləri Babayev Mikayıl İsmayıl oğlu və Mayılov Samir Cahangir oğlu, tikinti-quraşdırma trestinin işçisi İsgəndərov Habil Tağı oğludur. Cəsədlər artıq ailə üzvlərinə təhvil verilib. Sabah onların dəfn mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib. O deyib ki, "Neft daşları" neft və qazçıxarma idarəsinin itkin düşən 3 işçisinin tapılması ilə bağlı suyun altında axtarışları qaranlıq düşməsi ilə əlaqədar dayandırılıb. Axtarış işləri gəmilər vasitəsilə davam etdirilir.
Günəşli sahəsində Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə axtarış işləri dekabrın 8-də yenidən davam etdiriləcək. Hazırda axtarışlar gəmilərlə aparılır. Onuncu özüldəki yanğının söndürülməsi istiqamətində işlər isə 7 gəmi vasitəsilə həyata keçirilir. Mütəxəssislər bu gün də özülə qalxaraq tədqiqatlar aparıblar.
Yanğının söndürülməsi yüksəktəzyiqli su kranı vasitəsilə davam etdirilir.