İQTİSADİYYAT


SOCAR ilə 4 Avropa ölkəsi İon-Adriatik qaz boru kəməri üzrə Anlaşma Memorandumu imzalayıb

A+ A

Bakı, 27 avqust, Nihad Budaqov, AZƏRTAC 

SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC “aboutcroatia.net”ə istinadla xəbər verir ki, sənəd avqustun 25-26-da baş tutan Dubrovnik Forumu çərçivəsində imzalanıb.

Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç bu boru kəmərinin gələcəkdə Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcəyini bildirib. Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” qaz boru kəmərinə (TAP) qoşulması ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. 871 kilometr uzunluğundakı TAP Yunanıstan, Albaniya və İtaliyaya Adriatik dənizi vasitəsilə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı nəql etməlidir. İon-Adriatik qaz boru kəmərinin 516 kilometr uzunluğunda olması və Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. Bu boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Xorvatiyadan isə Macarıstan, Mərkəzi və Qərbi Avropa ölkələrinə təbii qaz nəql edilə bilər. Boru kəməri ilə ildə 5 milyard kubmetr qazın nəqli planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.